Şəhidliyin zirvəsini fəth edən qəhrəman-Yaşasaydı 47 yaşı olacaqdı-FOTOLAR

30 yanvar Vətən,Yurd fədaisi, Şəhid gizir Səlimov Zahid Məmmədzayıd oğlunun doğum günüdür.

Theazerbaijantimes.az-ın məlumatına görə Səlimov Zahid Məmmədzayıd oğlu 30 yanvar 1977-ci ildə Şamaxı rayonunun Əhmədli ( Kürdəmic ) kəndində anadan olub. 1984- cü ildə həmin kəndin ( indiki adı Zöhrab Səmədov adına ) Şamaxı rayon Əhmədli kənd orta məktəbinin birinci sinifinə daxil olub, 1994-cü ildə isə həmin məktəbi bitirib. 17 oktyabr 1995-ci ildə hərbi xidmətə gedib. Əsgəri xidmətinin çox hissəsini Tərtər rayonunda düşmənlə üzbəüz mövqedə keçir. 02 avqust 1998-ci ildə tərxis olunur.

18 fevral 2001-ci ildə Gizir kursuna daxil olub, 29 iyul 2001-ci ildə kursu bitirərək ordu sıralarında Gizir kimi xidmətə başlayır. 2001- 2010-cu illərdə Gəncə şəhərində N saylı h/h-də xidmət edir. 2010- 2017-ci illərdə isə Bakıda TTM-də xidmətini davam etdirib. 2017-ci ildə öz ərizəsi ilə könüllü olaraq ön cəbhəyə xidmətə yollanır.

Xidməti dövründə rəhbərlik tərəfindən medal və fəxri fərmanlarla təltif edilir. Hərbi xidmətinin 10 illiyinə görə lll dərəcəli hərbi xidmətə görə qüsursuz medalı, 15 illiyində ll dərəcəli hərbi xidmətə görə qüsursuz medalı, 20 illiyində isə l dərəcəli hərbi xidmətə görə qüsursuz medalları ilə təltif edilir. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 , 95 və 100 illik medalları ilə də təltif olunur.

44 günlük tarixi vətən müharibəsi zamanı Füzuli rayonunda N saylı hərbi hissədə xidmət edən Baş Gizir Zahid Səlimov döyüş əməliyyatlarının ilk günündən son gününə kimi döyüşlərdə iştirak edir. Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl və Qırmızı bazar uğrunda gedən ağır döyüşlərdə, fəal iştirak edib və bu xüsusdan bir neçə medalllarla təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkət nümayiş etdirmiş Səlimov Zahid Məmmədzayıd oğlu Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı, Şəxsi igidlik və sücaət nümayiş etdirdiyinə görə 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilir.

Azərbaycan Respublikaı Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə də təltif edilir.

Baş Gizir Zahid Səlimov 12 may 2022-ci il tarixində Füzuli rayonu ərazisində döyüş tapşırığı və döyüş təminatı ilə bağlı tapşırığının yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı şəhidlik zirvəsinə ucalır.

Ailəli idi. 2 övladı var.

Bir cavab yazın

Your email address will not be published.