Aİ Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüyə namizəd statusu verdi

Bu qərar iyunun 23-də Brüsseldə keçirilən sammitdə Aİ dövlətlərinin və hökumətlərinin bütün liderləri tərəfindən yekdilliklə dəstəkləndi. Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel Tvitter hesabında məlumat verib.

“Bu, tarixi bir məqamdır. Bu, Aİ-na gedən yolda mühüm addımdır. Ukrayna Prezidenti Vladimir Zelenskini və Moldova Prezidenti Maya Sandu, eləcə də Ukrayna və Moldova xalqlarını təbrik edirəm”, – siyasətçi yazıb.

Bundan əlavə, ittifaqın liderləri Gürcüstanın Avropa perspektivini bir daha təsdiqlədilər. Prioritet məsələlər həll olunan kimi ölkəyə namizəd statusunun verilməsinə hazır olduqları bildirilib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna Prezidenti Vladimir Zelenski və Moldova Prezidenti Maia Sandu təbrik edib və deyib: “Ölkələriniz Avropa ailəsinin bir hissəsidir. Avropa liderlərinin bugünkü tarixi qərarı bunu təsdiqləyir”.

Ukrayna 28 fevral 2022-ci ildə, Rusiya hücumunun başlamasından 4 gün sonra, Moldova və Gürcüstan isə 3 mart 2022-ci ildə Aİ-yə namizədlik üçün müraciət edib. Avropa Şurası Aİ Komissiyasına öz rəyini martın 7-də təqdim etməyə dəvət edib.

İyunun 17-də Aİ Komissiyası Ukrayna və Moldovaya namizəd statusunun verilməsi ilə bağlı rəyini açıqlayıb. Gürcüstan üçün Komissiya Avropa perspektivini təqdim etmək və kriteriyalara cavab vermək şərti ilə daha sonra vəziyyətin yenidən qiymətləndirilməsini tövsiyə edib.

Namizəd statusu ölkənin Aİ-yə daxil olmasının uzunmüddətli prosesində ilk addımdır. Ölkəyə namizəd statusu verildikdən sonra, şərtlərə əməl olunarsa, üzvlük danışıqları növbəti addımlarla başlayır. Üzvlük danışıqları illər çəkə bilər.

theazerbaijantimes.az

Bir cavab yazın

Your email address will not be published.