Azərbaycanda yoluxma bu tarixdə AZALACAQ

Son vaxtlar Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır. Ötən gün açıqlanan rəsmi statistikaya əsasən, gündəlik yoluxma sayı 7 mini keçib, eyni zamanda ölüm hallarında da artım müşahidə edilir. Yoluxmalardakı artımın “Omicron” ştamı ilə əlaqədar olduğu bildirilir.

Bəs yoluxma nə vaxt azalacaq? Qarşıda bizi nələr gözləyir?

Bununla bağlı Modern.az-a danışan həkim-infeksionist Nəzrin Mustafayeva deyib ki, koronavirusa yoluxma sayındakı artımın bir müddət davam edəcəyi gözlənilir.

Onun sözlərinə görə, yoluxmalar yaz aylarına doğru nisbətən azalacaq:

“Əvvəl də müşahidə etmişik ki, gündəlik yoluxmaların artması, pik həddə qədər çatması və enməsi təxminən 6-8 həftə davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərinin fikrinə görə, yaz aylarına doğru bir çox ölkələrdə yoluxma nisbətən azalmağa doğru gedəcək. Amma pandemiyanın bitməsi barədə fikir bildirmək çox erkəndir, mütəxəssislər bununla bağlı proqnoz verməkdə çətinlik çəkirlər. Yoluxmaların sürətli artmasının səbəbi “Omicron” ştamının yoluxduruculuq qabiliyyətinin yüksək olmasıdır. “Delta” variantında R əmsalı 1.09 olduğu təqdirdə, “Omicron”da təxminən 4-ə bərabərdir. Yəni bir xəstə 4 nəfəri, həmin 4 nəfər 16, 64, 256 və daha çox insanı silsilə şəklində yoluxdura bilir”.

Həkim-infeksionist Nicat Əzimli isə hesab edir ki, fevral ayının sonuna doğru yoluxma sayında azalma müşahidə edilə bilər:

“Yoluxma sayında artımın qarşıdakı 2-3 həftə ərzində davam etməsi gözlənilir. Müxtəlif qapanmalar və ya ona oxşar qərarlar verilərsə, bu müddət qısalacaq. “Omicron” ştamı ilə bağlı gedişat öz təbii dinamikasına görə, davam edərsə, artım dövrü 2-3 həftəni əhatə edəcək. Fevral ayının sonuna doğru yoluxma sayında azalma müşahidə edilə bilər. Təbii ki, yeni bir variant ortaya çıxmasa, gözlənilən gedişat belə olacaq”.