SOCAR-da nə baş verir?-İşdən azad olunanlar,yoxlamalar,maaşların…

İyulun 20-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 4 vitse-prezidentinin vəzifədən azad edilməsi haqqında müvafiq sərəncamlar imzaladı.

Sərəncamla vəzifəsindən azad olunlar  Bəhram Hüseynov, David Məmmədov, Mikayıl İsmayılov və Tofiq Qəhrəmanov olub.

Qeyd edək ki, indiyə kimi SOCAR-da 12 vitse-prezident vardı. Beləliklə, bu sərəncamdan sonra şirkətdə 8 vitse-prezident qalacaq. Bunlar birinci vitse-prezidentlər Xoşbəxt Yusifzadə, vitse-prezidentlər Süleyman Qasımov, Elşad Nəsirov, Bədəl Bədəlov, Xaliq Məmmədov, Daşqın İsgəndərov, Rəfiqə Hüseynzadə, Yaşar Lətifovdur.

SOCAR-ın Müşahidə Şurası sözügedən qurumun bütün fəaliyyət istiqamətlərinə ciddi nəzarət etməyə başlayıb…

Əslində dayaqları kifayət qədər möhkəm olan bu şəxslərin vəzifələrindən azad edilməsi bi sıra suallar doğurur. Maraqlıdır, görəsən Rövnəq Abdullayev ona yaxın olan vitse-prezidentləri niyə qoruya  bilməyib?  Dövlət Neft Şirkətində (SOCAR-da) nə baş verir?

Məlumatlara görə koronavirus pandemiyasının şirkətə yaratdığı problemlərin həlli məqsədilə bir sıra tədbirlərə,daxili yoxlamalara, ixtisarlara, o cümlədən əməkdaşlarının maaşlarını azaltmağa başlayıb.

Bir müddət öncə şirkətdəki vəziyyət və görülən tədbirlərlə bağlı SOCAR-ın rəsmisi- İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov SOCAR prezidentinin imzaladığı əmrə münasibət bildirərkən deyib ki, pandemiya şəraitində dünyanın bir çox aparıcı neft şirkətlərində ixtisarlar olub:Analoji proseslər dünyanın bir çox aparıcı neft şirkətlərində xərclərin azaldılması və kütləvi ixtisarlarla müşahidə olunub. SOCAR öz sosial məsuliyyəti çərçivəsində və büdcənin imkan verdiyi qədər, vəziyyətdən çıxış yolunu başqa sahələrdə axtarır, ixtisara yol verməməyə, istehsalat xərclərinin, idarəetmə aparatında əməkhaqlarının azaldılması kimi mümkün vasitələrdən istifadə etməklə əməliyyat dayanıqlığını təmin etməyə çalışır”.

Theazerbaijantimes.az-ı məlumatlandıran mənbənin bildirdiyinə görə, artıq bu günlərdə Dövlət Neft Şirkətinin investisiyalar,strateji inkişaf və insan resursları,ekologiya,ixrac,emal, qaz təchizatı sahələri üzrə yoxlamalara başlanılıb.

Qeyd edək ki, bir müddət öncə SOCAR prezidenti Rövnəq Abdullayev SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda işçilərin attestasiyasının keçirilməsi haqqında da əmr imzalayıb.

Bu əmr və attestasiyanın keçirilməsi barədə qərar şirkətdə ixtisarların olacağına işarə kimi də başa düşülür.

Digər bir məlumata görə isə yaxın vaxtlarda Kad,Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun,Sərmayələr İdarəsinin,Qaz İxracı İdarəsinin və Nəqliyyat İdarəsinin rəhbərlərinin də vəzifələri ilə vidalaşacağı gözlənilir. Onu da qeyd edək ki, Xalik Məmmədovun adı zaman-zaman müxtəlif maliyyə qalmaqllarında və FETÖ şəbəkəsi ilə bağlılıqda hallanıb.