Azay Quliyev erməni yalanlarını ifşa etdi-Təxribat cəhdinin qarşısı alındı-VİDEO

“Dağlıq Qarabağ”ın statusunu süni şəkildə gündəmə gətirməyin, biz ATƏT PA-nın dialoq təklifini dəstəkləyirik”

Fevralın 24-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclas çərçivəsində ATƏT PA-nın Prezidenti, Baş katibi, xəzinədarı, Xüsusi Komitə rəhbərləri və digər nümayəndələrinin hesabatları dinlənilib, eləcə də Assambleyanın gələcək tədbirlərinin təşkilati məsələləri müzakirə olunub.

İclasda iştirak edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev qurumun Baş katibi Roberto Montellanın hesabatında Ermənistanla Azərbaycan arasında parlament dialoqunun qurulmasında ATƏT PA-nın mümkün roluna dair müddəaları barədə fikirlərini bölüşüb.

Azay Quliyevin çıxışının ( https://www.youtube.com/watch?v=vijCWoTcqnI ) mətnini aşağıda təqdim edirik:

“İcazənizlə cənab Montellanın ATƏT PA-nın Ermənistanla Azərbaycan arasında davamlı sülh və barışığın təşviqindəki rolu ilə bağlı mənim də dəstəklədiyim təşəbbüsü haqqında danışmaq istərdim.

Bundan əvvəl Daimi Komitənin nəzərinə çatdırım ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin 10 noyabr 2020-ci il tarixdə imzaladığı Üçtərəfli Bəyanat qalan 3 rayonumuzun da işğaldan azad olunması ilə nəticələndi ki, bu da Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına tam olaraq son qoydu.

Bu bəyanat, Ermənistanla Azərbaycan arasında 30 ilə yaxındır ki davam etmiş silahlı münaqişənin həlli və suverenliyin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında hərtərəfli sülh sazişinin imzalanması üçün zəmin yaratması ilə əlamətdar oldu.

Azərbaycan münaqişədən zərər çəkmiş ərazilərdə yaşayan erməni mənşəli vətəndaşlarını öz Konstitusiyasına əsasən digər vətəndaşlarla bərabər hüquq və azadlıqlarla təmin edərək onları ölkənin siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır.

44 günlük müharibədən sonra meydana gələn vəziyyət, eləcə də 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının imzalanması aktuallığını itirmiş fikirlərdən imtina etməyi və mövcud reallığa uyğun olaraq adekvat addımların atılmasını daha da vacib edir.

Bu baxımdan “Dağlıq Qarabağ”ın qondarma statusunun müəyyən olunması məsələsini süni şəkildə gündəmə gətirmək cəhdləri separatizmə dəstək və Azərbaycan Respublikasının suverenliyinin pozulması kimi qiymətləndiriləcəkdir.

Buna görə də, münaqişədən sonrakı proseslərə töhfə vermək arzusunda olan beynəlxalq maraqlı tərəflər bütün fəaliyyətlərini bu bəyanatlarda əks olunan sülh, sabitlik və əməkdaşlıq vizionunun həyata keçirilməsinə yönləndirməlidir.

Azərbaycan üçün 2021-ci il münaqişədən sonrakı quruculuq işləri və işğaldan azad olunmuş ərazilərin hərtərəfli inkişafına yönələn tədbirlər çərçivəsində bütün tərəfdaşlarla fəal əməkdaşlıq ili kimi yadda qalacaq.

Bu baxımdan da, Baş katib Montellanın münaqişə sonrası sabitləşmə və Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinin prinsipial mərhələsinə töhfə vermək üçün qarşıdakı aylarda ATƏT PA-nın faydalı platformaya çevrilməsinə dair təşəbbüs və təklifini yüksək qiymətləndiririk.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti olaraq, biz, regional sülh, təhlükəsizlik və xalqlarımızın mənafeyi naminə bütün bu təşəbbüslərin reallaşmasında rolumuzu oynamağa hazır olduğumuzu bildiririk.

Erməni həmkarlarımızdan da bu məsələlərlə bağlı analoji qətiyyətli yanaşmanı görəcəyimizə ümid edirəm”.

***

ATƏT PA-nın sessiyasında erməni nümayəndə heyətinin rəhbəri Hayk Koncaryanın növbəti dəfə Azərbaycana böhtan atmağa çalışaraq müharibə vaxtı guya terrorçulardan istifadə olunması haqqında ittihamına ölkəmizin nümayəndə heyətinin rəhbəri Azay Quliyev sərt cavab verib ( https://www.youtube.com/watch?v=sxnTZsUE7hw ):

 

“Ermənistan axırıncı ölkədir ki, anti-terror fəaliyyətindən bəhs edə bilər. Çünki bu dövlət rəsmi şəkildə terroru dəstəkləyən və təşviq edən ölkədir. Ermənistan Azərbaycanda çoxlu sayda terror aktı törədib, indi isə Azərbaycana qarşı yalan məlumatlar yaymaqla məşğuldur.
Bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt terrorçuları hərbi əməliyyatlara cəlb etməyib. Buna heç vaxt ehtiyac olmayıb və bu barədə heç bir sübut da yoxdur. Ancaq, Ermənistanın müharibə vaxtı Azərbaycana qarşı çoxlu sayda muzdluları cəlb etməsi bir faktdır və bununla bağlı kifayət qədər sübutlar var. Lakin Ermənistan döyüş meydanında ağır şəkildə məğlub olduqdan sonra ölkəmiz haqqında bu cür əsassız şayiələr yaymağa başladı.
Bildirmək istəyirəm ki, bu yalanlar Ermənistana heç bir fayda gətirməyəcək. Mən ATƏT PA-nın müvafiq qurumlarını Ermənistanın bu qanunsuz hərəkətlərinə qiymət verməyə çağırıram. Ermənistan nümayəndə heyəti çıxışlarında ehtiyatlı olmalı, yalan məlumat yaymağı dayandırmalı, etik qaydalara və parlament dilinə əməl etməlidir.”

***

ATƏT Parlament Assambleyasının 24 fevral 2021-ci ildə keçirilən Daimi Komitə iclası zamanı erməni parlamentarilərinin əsir və girovlarla bağlı təxribat cəhdinin qarşısı alınıb.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev ötən ilin noyabr ayında Azərbaycan ərazilərində saxlanılan 62 erməni terrorçusunu hərbi əsir kimi təqdim etməyə cəhd edən Ermənistan nümayəndə heyəti üzvlərinin iddialarına aşağıdakı cavabı verib ( https://www.youtube.com/watch?v=OHaDECASo1E ):

“İlk olaraq erməni həmkarlarıma bir sual ünvanlamaq istərdim: siz əbədi sülhün, yoxsa əbədi müharibənin tərəfindəsiniz? Biz, öz növbəmizdə sülhün tərəfdarlarıyıq.

Qeyd edim ki, ümumilikdə, Azərbaycan bugünədək 71 hərbi əsir və məhbusu və 1300-dən çox erməni hərbi qulluqçusunun cəsədlərini Ermənistana qaytarıb.

Eyni zamanda, Ermənistan və onun təsiri altındakı bəzi korrupsiya içində batmış dairələr, anti-terror əməliyyatları zamanı saxlanılan 62 erməni vətəndaşını hərbi əsir kimi göstərməyə çalışaraq onların da 10 noyabr tarixli üçtərəfli bəyanatın 8-ci bəndinə əsasən qaytarılmasına nail olmaq üçün həqiqətə uyğun olmayan məlumatlar yayırlar.

Əslində nə baş verdi?

Həmkarlarıma və bütün Assambleyaya bildirmək istəyirəm ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin adıçəkilən 62 üzvdən ibarət təxribat qrupu Azərbaycan Respublikasının azad edilmiş ərazilərində bu yaxınlarda aparılan anti-terror əməliyyatları nəticəsində saxlanılıb.

İlkin dindirmə əsasında məlum olub ki, qrup üzvlərinin hamısı Ermənistan vətəndaşlarıdır (əsasən Şirak vilayətindən). Bu qrup üçtərəfli bəyanat imzalandıqdan sonra, 26 noyabr 2020-ci ildə Azərbaycan ordusu və dinc əhaliyə qarşı terror fəaliyyətini təşkil etmək məqsdilə Azərbaycanın azad edilmiş ərazilərində qanunsuz olaraq yerləşdirilib.

İşğaldan azad edilmiş ərazilərdə təxribat qrupu tərəfindən həyata keçirilən bir sıra terror hücumları nəticəsində 4 azərbaycanlı hərbçi şəhid olmuş və 1 mülki şəxs ağır yaralanmışdır. Hazırda təxribat qrupunun bütün üzvləri Azərbaycan ərazisində cinayət əməlləri törətdiklərinə görə Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən istintaq prosedurlarına cəlb olunublar.

Buna görə də bu şəxslər buraxılmaq hüququna malik deyillər.

Üçtərəfli bəyanat imzalandıqdan sonra təxribat qrupunun Azərbaycan ərazisində yerləşdirilməsi, Ermənistanın bütün hərbi fəaliyyətlərini dayandırmaq və silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarılması barədə Bəyanatda yer alan öhdəliklərini kobud şəkildə pozur. Bu, Ermənistanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və güc tətbiq etməkdən çəkinməyə dair öhdəliklərinin açıq şəkildə pozulmasıdır”.

Musavat.com