“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi nə işlə məşğul olacaq?

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri şair Faiq Balabəylinin təsis etdiyi “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi qeydiyyatdan keçib.

Modern.az xəbər verir ki, Faiq Balabəyli bu barədə danışıb “Təbrikə görə təşəkkür edirəm. Yeri gəlmişkən, qeydiyyatdan keçəndən sonra bizi tanıyanlardan, məram və məqsədimizi bilənlərdən xeyli təbrik və xeyir-dua almışıq. Bu bizi ruhlandırır. Bilirsən, dənizçi hüququ deyilən ayrıca bir sahə yoxdur. İnsanlarımızın hüquqları pozulur və bununla istənilən peşə sahibləri üzləşə bilərlər. Lap elə hüquqlarımızı müdafiə edən təşkilatların da əməkdaşları hüquqlarının qorunmasından əziyyət çəkə bilərlər. O ki qaldı dənizçilərə sosial dəstəyə, onların hüquqları ilə məşğul olmağa, bu indiki durumda çox vacibdir.

Təsis etdiyimiz İctimai Birliyin yaranması ideyası belə çatışmazlıqların mövcud olmasından və onların həllinə kömək etmək istəyindən qaynaqlanır. Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin gəmilərinin və dənizçilərinin istər ölkə sularında, istərsə də beynəlxalq sularda hər hansı haqsızlıqla üzləşdiyi hallar olur, dediyim kimi bu əvvəllər də belə olub. Ortaya çoxlu irad, şikayət və təkliflər çıxır”. Birlik sədrinin sözlərinə görə, bəziləri adının qara dəftərə düşməsindən ehtiyat edir ki, nə xeyri olacaq: “Bu haqda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşümüz zamanı söhbətimiz olub. Gəmiçiliyə rəhbərlik edəndən bəri bir çox yeniliklərə imza atan Rauf Vəliyev əslində qeydiyyatdan keçirdiyimiz bu birliyə xoş münasibət bildirdi.

Baxmayaraq ki, qaldıracağımız, ictimailəşdirəcəyimiz, həllinə nail olmağa çalışacağımız qüsurlarla bağlı əsasən ona müraciətlər olunacaq. Bilirsən, elə problemlər var ki, yuxarı instansiyalara qalxmadan, dövlət məmurlarını daha həlli vacib olan məsələlərdən ayırmadan həllini tapa bilər. Ya buna mane olanlar var, ya da işinin öhdəsindən gələ bilməyənlər. Ya da işinin öhdəsindən gəlsə də insan amilini ikinci, bəzən üçüncü dərəcəli hesab edənlər”.