Birlik və həmrəylik, dünyaya öz milli varlığını tanıtmaq deməkdir

Bütün dünyada gündən-günə sürətlənən qloballaşma prosesi gedir. Yer kürəsinin o tayında baş verən olaylar digər qütbdə çox tez əks-səda verir. Ölkəmzin, xalqımızın qarşısında duran mühüm məqsədlərdən biri qlobal inteqrasiya prosesində geri qalmamaq şərti ilə Azərbaycan xalqının milli zənginliyini dünyaya təqdim edə bilməkdir. Bunun üçün ən vacibi bütün təbəqələrin həmrəyliyinə bünövrə ola biləcək bir ideyanın, ideologiyanın olmasıdır. Azərbaycançılıq – məhz bizə lazım olan zəruri ideologiyadır. Azərbaycançılıq – birlik və həmrəylik, dünyaya öz varlığını tanıtmaq deməkdir. O ki, qaldı azərbaycançılığın ümummilli ideya halına gəlməsi və dövlətimizin ideoloji əsasına çevrilməsinə, bəli, bu Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir. Bu konsepsiya özündə iki təməl ideyanı – “dövlətçiliyi” və “vətənpərvərliyi” birləşdirir. Müstəqilliyimizin ilk illərində Ermənistanın torpaq iddiaları ilə yanaşı, milli-etnik ixtilaf, bölücülük tendensiyası özünü müxtəlif bölgələrdə açıq-aşkar büruzə verirdi. Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyası ölkəmizə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin qarşısında əsaslı sipər oldu.

Ümummilli lider Heydər Əliyevin belə bir fikri var: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”. Bu ideologiyanın əsas istiqaməti də elə budur. Azərbaycançılıq ideologiyası həm Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin nümunəsidir, həm də Azərbaycanın türk dünyasının ayrılmaz parçası olduğunun təsdiqidir. Ölkəmizdə milli və dini tolerantlığı təmin edən ideologiya olaraq azərbaycançılığın digər tarixi missiyası müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir. Azərbaycançılıq həm də Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada təbliği deməkdir.

Bu ideologiya ilk öncə Azərbaycan hüdüdlarında nisbətən fəal təbliğ olunur. Lakin nəzərə alsaq ki, azərbaycançılıq ideyası respublikamızın güclənməsini istəyən vətəndaşlarımızı birləşdirir, onda azərbaycançılığı təkcə ölkəmizin əhalisinin bilgilənməsi və həmrəyliyi ilə məhdudlaşdırmaq olmaz. Yer kürəsinin müxtəlif nöqtələrində 60 milyona yaxın azərbaycanlı yaşayır. Buna görə də bu ideya diaspor fəaliyyətinin də əsasıdır. Dünyada qloballaşmanın yayıldığı zamanda bu prosesə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası da məhz bu qlobal çağırışlara cavab verir. Azərbaycanın Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyini nəzərə alsaq, bu ideologiyanın həm də mədəniyyətlərarası dialoqda mühüm bir körpü olduğunu görə bilərik.

Bu istiqamətdə dövlət qurumları ilə yanaşı, qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işləri örnək götürmək olar. Axı, zəngin mədəni irsimizin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Eləcə də, müxtəlif qurumlar, şəxslər də müəyyən işlər görməyə çalışırlar. Kütləvi informasiya vasitələrində yayımlanan müsahibələr, məqalələr və digər media orqanlarının azərbaycançılıq ideologiyası ilə bağlı işlənib hazırlanan layihələr də bu məfkurənin təbliğinə xidmət edir. O ki qaldı şəxslərə, bu ideologiyanın fərdi təbliği Ümummilli Liderin sözləriylə desək, “azərbaycanlı olmaqla fəxr etməkdən” başlayır. Ulu öndərimiz açıq şəkildə bunu deyib: “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”.

Heydər Əliyev bildirirdi ki, çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası bizim mədəniyyətimiz, ədəbiyyatımız, şairlərimiz, yazıçılarımızdır. Bu tarixi şəxsiyyətin 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü ziyalılarla etməsi də onlara verdiyi önəmdən irəli gəlirdi. “Xalqımızın ədəbiyyat, incəsənət, mədəniyyət sahəsində nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir”. Bu cümlələr də Heydər Əliyevə aiddir və o özü hər zaman yazıçıların qurultaylarında, plenumlarında iştirak etməkdə maraqlı idi. Ulu öndər o qədər sadə, mehriban, xeyirxah insan idi ki, onun yanında özün olurdun. Artıq başqa bir obraz yaratmağa ehtiyac duyulmurdu. Necə yaşayırdın, necə düşünürdün, onun qarşısında da elə görünürdün.

Ümumiyyətlə, Heydər Əliyevin ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına diqqət və qayğısını bu sahələrdə çalışan bütün elm, mədəniyyət və incəsənət xadimləri bilir. Desək ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcı insanlarla münasibəti çox yaxşı idi, sözsüz ki, bu fikir heç də onun bütün qayğılarını əhatə etməz. Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yollar tapmaq imkanı verən bir şərait yaratmışdı. Hələ hakimiyyətinin birinci dövründə Bakıda ən böyük abadlıq işləri görüldü, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib istifadəyə verildi. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldıldı, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev- muzeyləri yaradıldı. Yaradıcı insanların yubiley tədbirləri il ərzində davam etdirilirdi, indi də onun qoyduğu ənənələr cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, yubileylərin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətlərini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir.

Ziyalılarımız hər iki dövrdə Ulu Öndərin onlara olan xeyirxah münasibətini görüb. Onun “Mənim qapım ziyalılar üçün açıqdır” fikri bu diqqət və qayğının göstəricisidir. Ədəbiyyatımız, mədəniyyətimiz Heydər Əliyevin hakimiyyətə qayıtdığı illərdə intibah dövrünü yaşadı və bu inkişaf bu gün uğurla davam edir.

Ümummilli liderin hər bir zaman Azərbaycan dilinə göstərdiyi diqqətdən də danışmaq istərdim. Yuxarıda dediklərimizlə yanaşı, dilimizə göstərdiyi əsas qayğı Azərbaycan dilinin ayrıca diqqət mərkəzinə çevrilməsi oldu. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılması yalnız dahi şəxsiyyətin cəsarəti nəticəsində baş verə bilərdi, verdi də…

Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri-bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir və tariximizə salınan önəmli izlərdir.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev zəmanəmizin özündə, həyatında, fəaliyyətində ən böyük azərbaycançılıq ideologiyasını yaşadan şəxsiyyətdir.

Leyla Gərayzadə

Bakı Dövlət Universiteti,Rus ədəbiyyatı tarixi kafedrasını professoru

sia.az