Qəriblikdən boylanan Vətən nisgilli tale…II hissə

Qəriblikdən boylanan Vətən nisgilli tale…

II hissə

                                                                           Ey Vətən!
                                                                         Ey pəriyi – vicdanım!
                                                                        …Səni sevmək
                                                                        deyilmi imanım? (M.Hadi)

…Yağışlı bir gün idi. Hospitala növbəti yaralılar gətirmşdilər. Onların arasında eynən azərbaycanlıya oxşayan bir qaraqaş, qaragöz oğlan vardı, ukraynalı idi. Ayağından və sinəsindən yaralanmışdı. Adı Aleksey idi.Hamı kimi mən də bütün yaralılara əlimdən gələni edirdim ki, tez sağalıb yenidən cəbhəyə qayıtsınlar. Gecəmiz, gündüzümüz yox idi. Alekseyin də vəziyyəti günü-gündən yaxşılaşırdı. O, mənə xüsusi doğmalıqla yanaşırdı. Həmişə deyirdi ki, mənim sarğılarımı sən dəyiş, əlin yüngüldür. Və bir gün, heç gözləmədiyim halda:

– Mənim yеnidən həyata qayıtmağımda sənin əziyyətin çox olub. Mən bütün həyatımla sənə bağlanmışam. Heç vaxt unuda bilmərəm. Səni sevirəm! – dedi.

Bu qəfil deyilmiş sözlərdən özümü itirdim, sonra ona qətiyyətlə bildirdim ki, bu baş tutan sevda deyil, bizdə başqa millətlə ailə qurmaq ayıb sayılır, öz adət-ənənəmiz var. Müharibə qurtaran kimi öz Vətənimə qayıdacağam, orada da, ya qismət. Ancaq o heç cürə mənimlə razılaşmaq istəmirdi: – Sən düz demirsən. Biz bir talenin adamlarıyıq. Bizi müharibə birləşdirib. Nə bilmək olar sabah nə olacaq. Sözün qısası, belə qərara gəldik ki, əgər müharibədən sağ çıxsaq və bir-birimizi tapa bilsək, sonra baxarıq.

Alekseyin o vaxtlar 24 yaşı vardı, leytenant idi. O hərbi hissənin və Leninqrad şəhərindəki ev ünvanlarını mənə verdi. Mənim hərbi hissəmin-hospitalın nömrə və ünvanını da özü ilə götürdü.

O gündən sonra Alekseydən hospitala vaxtaşırı məktublar gəlməyə başladı. Çox hərarətli sözlər yazırdı. Tatarstandan Nuriyə adlı yaxın bir rəfiqəm vardı, məktubları onunla birlikdə oxuyurduq. Nuriyədən gizlin heç nəyim yoxuydu, elə onun da. Çox istiqanlı qız idi, müsəlman qanı vardı axı. Onu da deyim ki, evimizə, Bakıdakı qohumlarımıza bu illərdə dəfələrlə məktublar yazıb, sağ–salamat olduğumu bildirmişdim, ancaq heç bir dəfə də olsun cavab almamışdım. Bu məni çox üzürdü. O qədər ağlayırdım ki… Nə yaxşı Nuriyə varmış. Müharibəyə getmək istəyimi evdən gizlətdiyimdən dilim qısa idi, bu dikbaşlıq mənə çox baha başa gəlmişdi. Bildirsəydim də heç vaxt razı olmazdılar. Müharibə hara, çəlimsiz qız uşağı hara.

…Günlər bir-birini əvəz edirdi. Sovet ordusunun hər döyüş günü qələbədən xəbər verirdi. Bizimkilər irəlilədikcə şəhər, kənd və qəsəbələr düşmən caynağından azad edilirdi. Gecəmiz, gündüzümüz yox idi. Nə qədər qolunu, ayağını itirmiş yaralı görmək olardı.

– Artıq 1944-cü ilin sonu idi, Alekseydən 3–4 ay idi ki, məktub gəlmirdi. Məndən çox Nuriyə dil–ağıza qoymurdu, çünki onun məktublarına öyrəşmişdik. Yazdığı məhəbbət şeirlərinin bəzilərini artıq əzbərdən bilirdik. Yaz–yay aylarında göndərdiyi məktubların arasına çiçək ləçəkləri qoyardı. Nuriyə də hey mənə:

– Bu oğlan sənin qismətindi. Əsl sevgi qarşısında heç nə dayana bilməz. Yaxşı fikirləş, odun, alovun altında, hər dəqiqəsi ölümlü anlarda o səni heç vaxt unutmayıb, məktubları yığmağa daha yer də tapmırıq. Məgər bu əsl sevgi deyil? Nə olar başqa millətdən olanda, ilk baxışdan elə qafqazlıya oxşayır. Nuriyə belə deyəndə qəhərlənirdim və söhbətin səmtini dəyişərək:

– Ona görə cavab vermirlər ki, bizlərdə düşmən qabağına qadın–qız çıxmır, bu kişi işidir. Mən bu qanunları pozmuşam və hazırda mənim doğmalarımdan bəlkə neçəsi cəbhədədir.Qara kağızı gələnlər də yəqin ki, var. Bu susmaqla onlar həm də mənə bildirmək istəyirlər ki, sənin əvəzinə cəbhəyə gedənlərimiz var və gediblər. Onlar mənə bunu bağışlamırlar.

… Müharibə qurtardı. Biz yeni təltiflərə layiq görüldük. Hərə öz vətəninə üz tutdu. Məni isə gözləmirdilər. Nə qədər əzablı olsa da, vətənə qayıtmadım…Nuriyə əl çəkmədi, bir müddət onların Kazandan 300–350 km aralıda yerləşən qəsəbəsində yaşadım, lakin çox sıxılırdım. Baxmayaraq ki, qəsəbə və rayon rəhbərliyi müharibə iştirakçılarına hədsiz ehtiramla yanaşır, bu mehriban tatar ailəsindən olmazın hörmət və izzətini görürdüm.Ancaq yenə də özümü bu ailəyə bir yük sayırdım. Bilirsən də, müharibədən sonra hər yerdə çətinliklər vardı. Hər cəhətdən…

Artıq 5 ay idi ki, Nuriyəgildə idim. Qəsəbə xəstəxanasında işləyirdik. Bu müddət ərzində Leninqrada, Alekseyin verdiyi ünvana bir neçə məktub yazmışdım, ancaq cavab gəlməmişdi. Elə bilirdik artıq o həyatda yoxdur, cəbhədə həlak olub. Mənim bu kədərli halım evdəkilərə də pis təsir edirdi. Bir gün işdən gələndə Nuriyənin kiçik qardaşı sevincək mənə məktub uzatdı. Leninqraddan gəlmişdi. Alekseyin xətti idi. Sevindiyimdən uşaq kimi ağlayırdım, Nuriyə də mənə qoşulmuşdu. Tez-tələsik zərfi açıb məktubu oxumağa başladıq. Bu məktubda Alekseyin əvvəlki hərarətli sözlərindən, şeirlərindən əsər–əlamət yox idi:

-“Я по-прежнему люблю tебя и nикогда nе забуду. Прошu тебя, умольяю, не о чём не спрашиваy, навсегда забудь меня”

Hər ikimiz şok vəziyyətinə düşmüşdük. Görəsən onu belə sözlər  yazmağa nə vadar edir…?

Sabahı gün Leninqrada getmək qərarını verdim. Nuriyə də mənimlə razılaşdı və dedi:

– Sənə yaxşı yol, əgər görsən ki, evlənib, ona heç nə demə, geri qayıt. Qayıtmasan mənim bacım deyilsən. Bütün qəsəbənin cavanlarının gözü səndədir, dünya dağımayıb ki?

Qatarla Kazandan Moskvaya, oradan isə Leninqrada yollandım. Axır ki, onun dəmir yol vağzalınından o qədər də uzaqda olamyan yaşadığı ünvanı tapdım. Qapının düyməsini basdım, qarşıma yaşlı bir kişi çıxdı. Alekseyi soruşdum:

– Dedi buyurun, məncə evdədir. Və bəlli oldu ki, bu kommunal mənzildir, burda bir neçə ailə yaşayır. Aleksey məni necə qarşıladı, uzun ayrılıqdan sonra necə görüşdük, bu barədə çox danışmaq istəmirəm. Ən ağrılı hal o idi ki, o sol qolunu itirmişdi. Elə mənə məktubunda “məni həmişəlik unut” yazması da bununla bağlı imiş.

Aleksey Leninqrad Dövlət Universitetini bitirmişdi. Onu yaxşı məzun kimi universitetdə müəllim saxlamışdılar. Qaldığı otaq xalasının olub. Tələbə olanda da orada qalıb, tək yaşayan xalası çox çətinliklə onu mənzilinə qeydiyyata saldırıb. Şəhər mühasirədə olan vaxtlar xalası aclıqdan vəfat edib.

Mən gələndən 10 gün sonra həmin kommunal mənzildə toyumuz oldu. Məclisdə Alekseyin 3 nəfər müəllim dostu və qonşular iştirak edirdilər. Nuriyə təbrik teleqramı göndərmişdi. Onu gəlməyə mən qoymamışdım,çünki ailənin bütün yükü onun çiynində idi.

Leninqrad gözəl şəhər kimi çox xoşuma gəlirdi, olduqca mehriban insanları vardı.Ancaq havası mənə düşmədiyindən tez–tez xəstələnirdim. Elə ona görə də Alekseyin valideynləri yaşayan Petrozavodsk şəhərinə köçməli olduq. Onun valideynləri və bacısı məni hədsiz sevirdlər. İlk uşağımız çox gec, 9 ildən sonra oldu. Bu qız balamız bizim ailəyə əsl toy-bayram  sevinci gətirdi. Ona qədər müharibə iştirakçısı kimi bizə ayrıca mənzil də vermişdilər. Mən yenə tibb sahəsində çalışırdım. İkinci qızımız isə 7 ildən sonra dünyaya gəldi. Birinci qızım ailəlidir, bir oğlu da var. Qızımın toyuna Nuriyəni də dəvət etmişdim, əri ilə birlikdə gəlmişdi. Onun 3 oğlu var. Mən də Alekseylə onun birinci oğlunun toyunda iştirak etmişdim. Bacımı da, bacı necə olar?

Sona xala doluxsunaraq:

– Aleksey sonralar xəstələndi və dünyasını dəyişdi, məni bu qərib diyarda tək  qoydu. İndi kiçik qızımla bir yerdə qalıram. Xəstəliyimlə əlaqədar pensiyaya çıxmışam. Vətənimin iyini nəvəmdən alıram, – dedi və yenə də söhbətinə davam etdi:

– Hə Bayram, oğlum, sənə baş ağrısı verdim, amma yaman yüngülləşdim. Vətəndən ayrıldığım bu 40 ilə yaxın müddətdə heç vaxt özümü belə xoşhal hiss etməmişdim. Burada çox olmasalar da azərbaycanlılar da var. İçərisində yaxşıları da var, millətin adını batıranlar da. Ələlxüsus da, mərkəzi bazarda. Onlara çox demişəm ki, cavan oğlanlarsız, pulu həyasızlıqla, ona–buna söz atmaqla qazanmırlar. Kimə deyirsən, bəziləri az da olsa nəticə çıxarır, bəziləri də gedib sarıbaşlarla evlənir. Onların gələcəyi necə olacaq? A köpək oğlu, pullanmısan, get öz yerinə-yurduna, gül parçası kimi qızlarımız var, onlarla evlən, ailə qur, ata-ananı sevindir. Hələ cavandılar, başa düşmürlər. Mənim kimi yaşlaşanda görəcəklər qərib yerdə başqa millətlə ailə qurmağın əzabını… Ayrı cür başa düşmə, Aleksey kimilər az olurlar. Çox alicənab, ailəcanlı, sədaqətli bir insan idi. Amma gələcəyi fikirləşəndə hərə öz millətiylə evlənsə, daha yaxşıdır.Bu mənim qəti fikrimdir. Səndən nə gizlədim, mənim uşaqlarım öz dilimizi demək olar ki, bilmirlər. Nə qədər çalışdım alınmadı. (Sona xalanın danışığında aksent hiss olunsa da, ancaq çox səlis danışırdı). İndi böyük qız getdi, Svetanı isə arzulayıram ki, öz millətimizdən olan bir oğlana qismət olsun. Yaxşı evim, azdan-çoxdan ehtiyatım, evlənərlər, mənzili dəyişərlər, gedərlər Bakıya. Heç olmasa məni də Vətən torpağının bir parçasında dəfn edərlər. Mən qara taleli nə qədər yaşayacağam ki, ay Bayram? Bir parça Vətən torpağı mənə düşmür? Eh, yaxşı deyiblər ki, anası ölən bir il ağlar, yurdunu itirən  ömrü boyu… Vətənim ola–ola, Vətənsiz olmuşam, ay oğul..!

-DAVAMI VAR…

Bayram Mustafa

İdman, Turizm və Dövlət qulluğunun veteranı

Mingəçevir-Bakı-Leninqrad-Petrozavodsk-Leninqrad-Bakı-Mingəçevir,1978   

Əvvəlibu linkdə:

     

Kanal32.az