Qəriblikdən boylanan Vətən nisgilli tale…

Qəriblikdən boylanan Vətən nisgilli tale

Hər il 9 may Qələbə günündə nədənsə uzaq, qərib bir şimal şəhərində öz nakam taleyi ilə barışaraq bir ovuc Vətən torpağına həsrət qalmış soydaşımız olan bir qadınla görüşüm yadıma düşür. Artıq bu acı xatirələrlə andığım görüşdən 42 il , Böyük Qələbədən  75 il keçir…
O dövrün ağrı-acılarını, mərhumiyyətlərini mən yaşamamışam. Ancaq 90-cı illərdən başlayaraq daşnak törəmələri tərəfindən cəlb edildiyimiz ədalətsiz Qarabağ savaşında şəhid olmuş  ərənlərimizi  Mingəçevir Şəhidlər xiyabanında son mənzilə yola salarkən söylədyim vida nitqlərim zamanı onların ana-bacılarının, ömür-gün yoldaşlarının çəkdikləri nalə  və fəryadlarının, müharibənin insan həyatına necə sarsıdıcı zərbələr vurduğunun çox şahidi olmuşam.
 Əslində mən həmişə bu hekayəti Qarabağımız, onun “buxara papağı” olan Şuşamız azad edildikdən sonra çap etdirmək arzusunda olmuşam. Bu arzumuz indiyə kimi reallaşmasa da,xalqımız öz əzəli torpaqlarına sahib çıxaraq, Şuşamızda da Qələbə bayramını qeyd edəcəyimizə, həsrətlə çulğalanmış Qarabağlı günlərimizə qovuşacağımıza inanıram.Bunun üçün qum kimi səpələnmək yox, qaya kimi birləşməli və hər gün Qarabağ, hər yer Qarabağ olmalıdır…
                                                                      Ey Vətən!
                                                                   Ey pəriyi – vicdanım!
                                                                    …Səni sevmək
                                                                   deyilmi imanım? (M.Hadi)
1978-ci ilin yazı idi. Keçmiş Karelefin Respublikasının paytaxtı Petrozavodsk şəhərində  SSRİ Turizm və Ekskursiyalar şurasının təşkilatçılığı ilə  “Turizmin inkişafı və perspektivləri” mövzusunda keçirilən praktiki seminarda respublika turizmini təmsil etmək mənə nəsib olmuşdu.
Keçmiş ittifaqın 100-dən çox şəhərindən gəlmiş nümayəndələr Oneqa gölünün sahilində yüksək memarlıq üslubu ilə tikilmiş “Kareliya” turist kompleksində yerləşdirilmişdilər. Elə seminar da orada keçirildi.
Dünyanın düz vaxtı idi, hamı bir-biriylə tanış olur, öz yerləri haqqında məlumat verir, nişan və bukletlər bağışlayırdılar. Öz növbəmdə mən də Azərbaycanımızın  qədim tarixi, füsunkar təbiətinə dair şəkilləri və hazırladığım foto albomları yeni tanışlarıma verirdim. Pəncərəsi Oneqa gölünə açılan otağımda bir Azərbaycan  güşəsi, abu-havası yaratmışdım. Göy-gölün, Qız Qalasının, Şəki Xan Sarayının, Mingəçevir dənizinin əks olunduğu plakatlar, şair və yazıçılarımızın rus dilinə tərcümə olunmuş kitabları, milli mətbəx və kulinariyamıza aid kitabçalar, Rəşidin, Müslümün, Poladın qpamafon valları, müxtəlif içki və şirniyyatlar yeni tanışlarıma Azərbaycanımız haqqında elə ilk baxışdanca güclü təəssürat, gələcək əməkdaşlıq üçün zəmin yaradırdı. Təkcə xəbis xislətli mənfur qonşularımızın nümayəndələrindən başqa, “Как ты все это притащил сюда” deyəndə, qısaca    “В дущу вложещ, все сможещь” cavabını verirdim…
Artıq seminarın 5 günü arxada qalmışdı. Bu günlərdə şəhərlə, Kareliyanın qeyri-adi təbiəti, dünyada nadir, XVIII əsr rus ağac tətbiqi memarlıq sənətinin incisi Kiji abidələri, çar Rusiyası ərazisində ilk kurort olan “Маrsiаlnı водı”, Oneqa gölü sahilində I Pyotra qoyulmuş abidə və digər tarixi yerlərlə tanış olmuşduq. Şəhərin salınması və adı Rusiyanın silah cəbбəxanasını yaratmaq məqsədilə burada çar Pyotrun inşa etdirdiyi zavodlarla bağlı idi – Petrozavodsk. Bu şəhər Leninqradla həmyaşıd olmaqla, əsası 1703-cü ildə qoyulmuşdu.

-XVIII əsr rus ağac tətbiqi-memarlıq sənətinin incisi, məşhur Kiji abidələri-

…Artıq seminar iştirakçıları və təşkilatçıları arasında kifayət qədər tanınırdım. Azərbaycan, onun turizm və istirahət üçün əlverişli imkanları və perspektivləri barədə məruzəm də maraqla qarşılanmış, əksər böyük şəhərlərlə qarşılıqlı müqavilələr imzalanmışdı.
Növbəti seminar günü məlum oldu ki, yerli televiziyanın “Panorama” verilişində iştirakçılardan üç nəfərin çıxış etməsi nəzərdə tutulub. Seminara rəhbərlik edən keçmiş SSRI Mərkəzi Turizm Şurasının idarə rəisi A.Yemelyanov bu çıxışları Rusiyadan Pskov, Ukraynadan Lvov şəhərlərinin və Qafqazdan Azərbaycan nümayəndəsinin edəcəyi barədə məlumat vermişdi. Bu mənim üçün gözlənilməz bir hadisə idi. Indiyə qədər televiziyada çıxış etmədiyimdən çox həyəcanlanmışdım. Makinadan çıxmış yazımız “senzura”dan keçdikdən sonra, bizə sabah axşama yaxın Kareliya televiziyasında olmağımız tapşırıldı.
Həmin gecə yaxşı hazırlaşsam da, daxili həyəcan mənə rahatlıq vermirdi.
 Deyilən vaxtda Kareliya televiziyasında olduq. Həmkarlarımın hər ikisi qadın idi. Neçə illərdi bu sahədə çalışırdılar. Bizi orada studiyanın direktoru Nikolay Meşeryakov qarşıladı. Çox mehriban, sadə,orta yaşlı olan bu şəxs söhbət əsasında bildirdi ki,  verilişi özüm aparıram, şəhərdə və vilayətdə çox populyardır,birbaşa efirə gedir. Mətndən istifadə etmək olmaz, hər birinizə beş dəqiqə vaxt ayrılıb.
O, bizi təqdim etdikdən və turizmin əhəmiyyəti, keçirilən seminarın mahiyyəti barədə məlumat verdikdən sonra sözü növbə ilə Rusiya və Ukrayna nümayəndələrinə verdi, sonuncu çıxış mənimki oldu. Mən, ölkəmizin ərazisi, coğrafiyası, iqlimi, qədim tarixi şəhərləri, zəngin təbiəti, istirahət və səyahət üçün əlverişli olan yerləri haqqında və xalqımıza məxsus qonaqpərvərlikdən söhbət açdım. Sonda isə S.Vurğunun məşhur “Azərbaycan” şeirinin bir bəndin (“Можnо ль душу из  сердца украсть? Nикогда!”) söyləməklə, televiziya tamaşaçılarını Azərbaycana dəvət etdim. Üstümdən elə bil dağ götürülmüşdü. Aparıcı gülərək beş dəqiqə əvəzinə doqquz dəqiqə çıxış etdiyimi, çox ürəklə və pafosla danışdığıma görə mənə mane olmaq istəmədiyini bildirdi. Bu səmimi insandan mehribanlıqla ayrıldıq.
Həmkarlarımız bizi çox böyük sevinclə qarşıladılar. Mehmanxana kompleksindəki mərtəbə qonşularım isə təkid edirdilər: – Bizə uğurlu çıxışına görə stol açmalısan, burada bizim də payımız var. Sənə mənəvi dayaq olmuşuq, dua etmişik ki, yaxşı çıxış edəsən. Məmnuniyyətlə sabahkı günə razılıq verdim. Necə də verməyəydim, ağız dolusu azərbaycanlıların qonaqpərvərliyindən danışmışdım.
Ertəsi gün səhər yeməyindən sonra mehmanxananın qarşısına yığışmışdıq. Seminarın başlanmasına az bir vaxt qalırdı. Bu vaxt bəstəboy, 55-60 yaşlı bir qadın bizdən kənardakı dəstəyə yaxınlaşdı və nə haqdasa soruşdu. Onlar məni göstərdilər. Qadın mən duran səmtə gəlməyə başladı və mehriban sifətindən onun azərbaycanlı olduğunu yəqin etdim. Hamının nəzərləri bizdə idi. Yaxınlaşıb azərbaycanca, gözləri dolmuş halda salamlaşdı, və:
-Dünən televizorda danışan sən idin? – deyə soruşdu.
-Dedim , bəli!
Məni qucaqlayıb dönə-dönə alnımdan öpdü.
– Sağ ol, oğlum! Neçə illərdir burada yaşayıram, hələ bizim yerlər haqqında televizorda çıxış edən görməmişdim. Var ol səni! Sən Azərbaycan, ələlxüsus da Bakı, Şuşa haqqında məlumat verəndə və S.Vurğunun şeirini söyləyəndə özümü heç cür saxlaya bilmədim, hönkür-hönkür ağladım, iki-üç dəfə televizorun ekranını öpdüm. Vətən dərdi, qəribçilik ağır dərddi, başına dönüm.
Mən seminar rəhbərindən icazə alıb,Sona xalanı (xahişinə görə adlar şərtidir) qaldığım nömrəyə dəvət etdim. O, divardan asdığım Azərbaycanın füsunkar təbiətini, tarixini əks etdirən plakatlara baxdıqca öz heyranlığını gizlədə bilməyərək: – Sənə qurban olum, ay Azərbaycan, ay Vətən! Qoynunda yaşamaq mənə qismət olmadı – dedi və göz yaşları yanağında cığırlar açdı. Mən də təsirlənmişdim. Dedim: ay Sona xala, hamısı müharibənin acılarıdır, çəkirsiniz. Ömür tale qismətidir, onu hərə bir cür yaşayır və başa vurur. Sakitləşin, qoyun sizə bir qulluq edim və buradan apardığım armudu stəkanları,kəkotu çayını və Şəki paxlavasını, Zaqatalada hazırlanmış qoz və gül mürəbbələrini, Gəncənin “Çinar” şokoladını və “Qızıl Mirvari” şampan şərabını masa üstünə düzərək ,bu nemətləri dadmasını xahiş etdim. Hiss edirdim ki, bütün bu doğmalıq ona hədsiz rahatlıq və məmnunluq gətirir. Onun söhbətlərində, davranışında bir kübarlıq vardı. Sona xala da öz növbəsində parçaya bükülmüş qabı mənə uzatdı:
– Bayram, oğlum, kasıbın olanından, qarağat mürəbbəsidir, zənnimcə xoşuna gələcək.
Təşəkkürümü bildirərək:
-Nahaq zəhmət çəkmisiniz, Sona xala-dedim.
Çay süfrəsi arxasında söhbətimiz çox uzandı. O, gözləri dola-dola, köksünü ötürə-ötürə bu qürbət yerlərə düşməsinin ilk anlarından – müharibə illərindən danışmağa başladı.
– Mənim yerimi soruşma, Qalalıyam, (köklü, yaşlı nəsil Şuşanı belə adlandırırlar)  əsilzadələrdənəm. Ata-ana tərəfim tanınmış bəylərdən olub. 1939-cu ildə orta məktəbi qurtarıb Bakı Tibb Texnikumuna daxil oldum. 1941-ci ildə müharibə başlayanda ata-anama, yaxınlarıma bildirmədən üç rəfiqəmlə könüllü cəbhəyə yazıldım. Bakıda da qohumlarımız vardı, heç onlara da bildirmədim. Xarkovda bir ay təlimatı dərslər keçdikdən sonra bizi Belarusiya cəbhəsinə yolladılar və orada hərəmiz bir yerə düşdük. Cəbhədə şəvqət bacısı kimi ön xətdə idim. Güllə yağışı, top atəşləri, mərmilər altında işləyirdik. Əvvəlcə çox qorxurdum, hər gün neçə-neçə döyüşcü elə gözümün qabağında keçinirdi.Sonralar hər şey adiləşdi,qorxu hisslərim yox oldu.Həlak olаnların, yaralanаnların arasında özümüzünkülərdən də olurdu. Eh, elə oğlularımız başı dizimin üstündə “ana-ana” deyə-deyə canını tapşırıb ki,.. Allah hamısına rəhmət eləsin.
…1942-ci ilin sonlarında özüm də yaralandım və hospitala düşdüm. Üç ay orada müalicə olundum, xoşbəxtlikdən şikəstlik qalmadı. Bəstəboy, gözəl bir qız idim.
Artıq hospitalın kollektivinə qaynayıb qarışmışdım. Müharibənin qızğın çağı idi, hər gün çoxlu sayda yaralı döyüşçü gətirirdilər. Bir gün hospitalın baş həkimi məni yanına çağırıb  dedi ki, görürəm qoçaq qızsan, işini də yaxşı bilirsən, səni burada saxlamaq fikrindəyəm. Nə deyirsən?
Baş həkim çox yaxşı bir insan idi, ona razılığımı bildirdim və beləcə  orada qalası oldum.

-DAVAMI VAR…

 Bayram Mustafa

İdman, Turizm və Dövlət qulluğunun veteranı

Mingəçevir-Bakı-Leninqrad-Petrozavodsk-Leninqrad-Bakı-Mingəçevir,1978   

Kanal32.az