Belarus prezidenti inadından dönmür

Belarus prezidenti Aleksandr Lukaşenko növbəti dəfə ölkəsinin koronavirus pandemiyası ilə bağlı yürütdüyü siyasəti düzgün saydığını bildirib.

“AzPolitika.info” xəbər verir ki, Moqilyov vilayətindəki müəssisələrin birinə baş çəkən Lukaşenko mətbuata verdiyi açıqlamada Belarusun pandemiya ilə bağlı yürütdüyü siyasətə görə hər tərəfdən tənqid olunduğunu bildirib: “İndi koronavirus siyasətə çevrilib. Hamı Lukaşenkonu, Belarusu dişləmək istəyir, çünki ümumi sıradan kənara çıxıb. Buna təəccüblənmək lazım deyil. Hamısı ona görədir ki, biz səhiyyə sistemini saxlamışıq, onu qaydaya salmışıq. Və belə olub ki, biz bu yoluxucu xəstəliyə hazır olmuşuq və təkcə ona yox.”

Belarus prezidenti xüsusilə Rusiyada ona qarşı aparılan kampaniyadan gileylənib və qeyd edib ki, dünyada ürək-damar, onkoloji və şəkər xəstəliklərindən koronavirusdan qat-qat çox sayda insan ölür: “Məni bütün dünyada lağa qoyurlar, xüsusilə Rusiyada – guya özləri dahi olublar. Deyirlər ki, Lukaşenko Belarusda heç kimin koronavirusdan ölmədiyini bildirir. Bir daha təkrar edirəm: koronavirusdan hətta sizin Moqilyov vilayətində də heç kim ölməyib. Hamı xroniki xəstəliklərdən ölür, istənilən virus isə immuniteti olmayan zəif insanları vurur. Mən məhz bunu nəzərdə tutmuşam…” 

A.Lukaşenko deyib ki, səhiyyə işçiləri təkcə koronavirusa yoluxanları deyil, bütün digər xəstələrlə də məşğul olmalıdırlar.