“Kimin pulu çoxdursa,o qalib gələcək”

Elçin Şıxlı: “Dünya onsuz da dəyişmək üzrə idi, sadəcə koronavirus dəyişikliyi sürətləndirir”

Dünyanı bürümüş koronavirus pandemiyasının siyasi, iqtisadi və sosial təsirləri və mümkün nəticələrinə dair müxtəlif proqnozlar və baxış bucaqları mövcuddur. 

“AzPolitika.info” “Ayna-Zerkalo” qəzetinin təsisçisi, politoloq Elçin Şıxlı ilə bu mövzu ətrafında söhbətləşib.

Elçin Şıxlı ilə müsahibəni təqdim edirik:

– Elçin bəy, koronavirusun yaranma səbəbləri və hətta bunun məqsədli şəkildə yayılmasına dair müxtəlif versiyalar, iddialar səsləndirilir. Belə fikirlərə münasibətiniz necədir?

– Açığı, bu barədə çoxları az qala “Sui-qəsd nəzəriyyəsi” əsasında çıxış edirlər. Mən belə iddialara inanmıram. Adətən belə nəzəriyyələri hamından çox ruslar ortaya atır. Koronavirus pandemiyası süni şəkildə ortaya çıxa bilər. Müəyyən faktlar var. Çinin Vuhan şəhərində hələ Mao Tszedunun zamanında dünyanın ən məşhur genetik laboratoriyaları açılmışdı və bu obyektlər indi də mövcuddur. İndi güman edilir ki, bundan bakterioloji silah kimi istifadə edirlər. Mən buna inanmıram. Çünki ağlı başında olan adam buna qol qoymaz. Rusiyanın özündə də belə laboratoriyalar mövcuddur, virusları axtarırlar. Ancaq bunu heç kəs şüurlu və məqsədli şəkildə etməz.

– Avropa, Amerika və Asiya ölkələri faktiki olaraq, koronavirusun qarşısında aciz qalıb, səhiyyə sistemləri çöküb. Sizcə, bunun hansı siyasi təsirləri müşahidə ediləcək?

– Ötən gün Londonda yaşayan həmkarımız Zülfüqar Rüfətoğlunun yazısına baxdım. Bu suallara həmin yazıda ardıcıl cavab verilib. Sözsüz ki, bu, qlobal prosesdir və onun siyasətə mütləq təsiri olacaq. Dünya onsuz da dəyişmək üzrə idi, sadəcə koronavirus dəyişikliyi sürətləndirir. Baxın, neftin qiyməti sürətlə düşür. OPEK və ondan kənarda mövqe tutan neft ölkələri hasilatı azaltmaq barədə müqavilə imzalayıblar, amma qiymətlər aşağı enməkdə davam edir. Çünki burada əsas neft istehsal edən iki ölkə var. Rusiya və Səudiyyə Ərəbistanı. Bu ölkələrin hər biri may və iyun aylarında 2,5 milyon barrel sutkalıq istehsalı azaltmalıdır. Deməli, bu proses iki aydan sonra baş verəcək. Bəlkə də heç baş vermədi. Bu, dəqiq məlum deyil. Ümumiyyətlə, hazırda dünya bazarında gündəlik 14,7 milyon barrel artıq neft var. Bu təklifin azaldılması üçün hələ 2 aydan sonra gündəlik hasilat 10-11 milyon barrel azaldılacaq. Yerdə artıq 3-4 milyon barrel neft qalır. Bu, ciddi amildir. Yəni ki, yenə bazarda neft çox, ona tələbat isə az olacaq.

ABŞ-ın özündə neft anbarları tam dolub. İndi neft şirkətləri dəmir yolu şirkətlərinə artıq neftlərini sisternlərdə saxlamaq üçün müraciətlər edir. Dəmiryol şirkətləri isə buna həvəslə getmirlər. Bir sözlə, neftlə bağlı bu proses hələ davam edəcək və bu, dünyada ciddi iqtisadi böhranla müşayiət olunacaq.