Xalqımızın Qərbi Azərbaycandan deportasiyası

1828-ci ildən Rusiyanın təəbəliyinə  keçmiş  ermənilər  “Böyük   Ermənistan “ yaratmaq iddiası ilə  Azərbaycan  torpaqlarını  işğal etməkdə  davam  edir. Bununla da bizim tarixi torpaqlarımız  hesabına yaratdıqları “Ermənistan” adlı bir dövlətin ərazilərini zaman-zaman genişləndiriblər. Elə 1828-ci  ildən bu yana xalqımız dəfələrlə erməni  terrorunun qurbanına çevrilibdir.

Ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə axını Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən həyata keçirilibdir. Hələ sovetlər dövründə ermənilər Qarabağ ərazisində məskunlaşmaları ilə bağlı tarixi abidə də ucaltmışdılar. Ucaltdıqları abidənin “Böyük Ermənistan” ideyasına uyğun gəlmədiyini anlayıb, sonra sökmüşdülər.

1905, 1918, 1948-1950, 1988-ci illərdə Azərbaycan  xalqı  dəfələrlə   ermənilərin  təcavüzü  nəticəsində Qərbi Azərbaycan adlanan indiki Ermənistan ərazisindən – öz dədə-baba yurdundan didərgin  düşüb, müxtəlif işgəncələrə  məruz qalıblar.  Qocasına, cavanına, körpəsinə baxmadan soydaşlarımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, bir hissəsi yer-yurdlarını tərk edən zaman yollarda qışın şaxtasında həlak olublar. Bu vəhşilik eyni zamanda Bakıda, Gəncədə, Şamaxıda, Göyçayda, Lənkəranda, Qubada, Qarabağda və digər ərazilərimizdə də davam etdirilib.

Bütün bu qırğınların davamını 1918-ci il mart soyqırımları təşkil etdi. 31 Mart – Azərbaycan  xalqının  soyqırımı  günü  100 ildən çoxdur ki,  xalqımızın  yaddaşında  silinməz izlər qoyubdur. Başımıza gətirilən bu və ya bu kimi faciələr  dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı,onlar ermənilərin insanlığa sığmayan bu hərəkətləri barədəməlumatlandırılmalıdır. Dünyaya bəyan edilməlidir ki, qan donduran bu faciələri törədən ermənilər  soyqırımı törədən zaman hər cür vəhşiliyə əl atıb, işgəncələrdən çəkinməyiblər. Qaynar  samovarı insanların belinə  bağlamaqla, günahsız  Azərbaycan  uşaqlarını  borunun içinə salaraq ağızlarını qaynaq edib, acından öldürməklə həzz alıblar.

Ən genişmiqyaslı deportasiya isə 1988-ci ilin sonlarında baş verib. Ermənilər qarlı-şaxtalı qış günlərində   Qərbi Azərbaycanda yaşayan xalqımızın ən son  nümayəndələrini – üç yüz  mindən çox azərbaycanlını  yaşayış məntəqələrindən məcburi şəkildə deportasiya  ediblər.    Yenidən ermənilər tərəfindən  günahsız qanlar axıdılıb, insanlar qətlə yetirilib, Göyçə, Qaraqoyunlu, Dərəçiçək, Zəngibasar, Zəngəzur,Vedi, Ağababa, Qəmərli, Dərələyəz, Pəmbək  və s. mahallarda  minlərlə  Azərbaycan   kəndi məcburi şəkildə boşaldılıb və talan edilibdir.                          Yaşayış  məskənlərinin  hamısının tarixi  adları dəyişdirilərək erməniləşdirilibdir.

Ermənilər hələ də fitnəkarlıqlarını davam etdirməkdədirlər. Hər cür  fırıldağa  və yalana  əl atır, dünya ictimaiyyətinə özlərinin yazdıqları saxta tarixlərini sırımağa çalışırlar. Belə ki, xalqımıza  məxsus  Alban  kilsələrinin ermənilərə məxsus  olduğu  barədə yalan iddialar  irəli sürür, bir çox  mədəni   abidələrimizi, musiqimizi, mətbəximizi, ədəbiyyatımızı özününküləşdirməyə çalışırlar. Bununla da Azərbaycan  xalqına dəfələrlə divan tutmuş   erməni   şovinistləri  dünya ictimaiyyətinin  diqqətini  əsl  həqiqətdən  yayındırmaq istəyirlər.

Beləcə son 100 ildə indiki Ermənistan  ərazisindən 2,5  milyon azərbaycanlı  qəddarlıqla  çıxarılıb və ruslar tərəfindən Azərbaycandan  Ermənistan boyda bir  torpaq qopardılaraq ermənilərə hədiyyə verilibdir. Nəticədə xalqımz minlərlə kəndlərini, qəsəbələrini, yüzlərlə tarixi abidələrini itirməli olub.

 Günay Vəlizadə

 Qərbi Azərbaycan İB-nın Gənclər Təşkilatının sədri