Gəncənin icra başçısı Prezidenti belə aldatdı-VİDEO

Sosial şəbəkələrdə Gəncə şəhərində “abadlaşma” aparılması ilə bağlı video yayılıb. Məlumata görə, Prezident İlham Əliyev yanvarın 30-da Gəncəyə getməzdən əvvəl yolun kənarına şam ağacları əkib, bir növ guya yaşıllaşdırma işlərinin getdiyi təəssüratı yaradıblar. Videoda görünür ki, prezidentin səfərindən sonra yol polislərinin də köməyi ilə həmin ağaclar ərazidən çıxarılaraq maşına yığılır.

Qeyd edək ki, həmin ərazidə bir şəhidin barelyefi də var.

Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Vüsal Balayev Teleqraf.com-a məsələdən xəbərdar olduqlarını bildirib: “Hazırda araşdırma gedir. İlkin izah kimi deyə bilərəm ki, həmin ərazi İcra Hakimiyyətinin balansında deyil. Torpağın mülkiyyətçisi var və o, həmin ərazidə müvəqqəti ağacın əkilməsinə icazə vermişdi. Amma daima orada ağacın əkilməsinə icazə verilməyib.

Yol kənarının boş görünməməsi üçün belə bir icazə alınıb. Bu, ilkin məlumatdır, şəhər icra hakimiyyəti tərəfindən araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə dəqiq məlumat veriləcək”.

Birlik rəsmisi videonun çəkildiyi ərazinin Gəncə şəhərində Nizami Gəncəvi prospekti olduğunu təsdiq edib. O, prospektdəki şəhid barelyefinin kimə məxsus olduğunu dəqiq bilmədiyini də vurğulayıb.

***

Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Vüsal Balayev araşdırmadan sonra yeni açıqlama verib. Vüsal Balayev Teleqraf.com-a bildirib ki, sözügedən ərazidə torpaq səthinin altı daşlıq, həmin ağacların inkişaf ehtimalının aşağı olduğunu nəzərə alan mütəxəssislərin məsləhəti və nəzarəti altında ağacların başqa əraziyə köçürülməsi təmin edilib: “Hazırda həmin ərazidə gül kolları əkilir”.