Qəriblikdən boylanan Vətən nisgilli tale…III hissə

Qəriblikdən boylanan Vətən nisgilli tale…

III hissə

                                                Ey Vətən!
                                                           Ey pəriyi – vicdanım!
                                                …Səni sevmək
                                                                  deyilmi imanım? (M.Hadi)

…Sona xala sakitləşmək bilmirdi. Neçə illərin ağrı–acısı ilə dolu olan bir qürbət əzabı, müharibə məşəqqəti yaşamış bu balaca vücudlu qadın sanki küləkli havada çatılmış tonqala bənzəyirdi.

– Sona xala, hər şey yaxşı olacaq. Bayaqdan qulaq asıram. Bu Vətən sevgisi mütləq sizi ona qovuşduracaq. Şair Bəxtiyar Vahabzadə deyir ki, “Bizlərdən həm əvvəl, həm sonra Vətən var”. Özün də, övladların da, nəvələrin də Vətəni–Azərbaycanı görəcəksiniz. Mən də lazım olsa bu işdə sizə yardımçı olacağam. Belə danışaq, mən söz vermişəm, bizim mərtəbənin istirahət zalında bu gün ziyafət verəcəyəm. Axşam kimi istəyirsiniz özünüzlə gətirərsiniz. Bu şampanı və şokolad qutusunu da özünüzlə götürün. Bu əvəz–əvəz deyil, sadəcə bilirsiz ki, bizim adətdir.

– Çox sağ ol, ay oğul, məni lap utandırdın, axşam qonaqların olacaq, lazım olar.

– Ay Sona xala, narahat olma, nə qədər desən ehtiyatım var. Hərənin bir şakəri var, belə tədbirlərə gedəndə mənim yüküm çox ağır olur. İstəyirəm, Azərbaycan haqqında tam təsəvvür yaradam.

Sona xalanı taksi dayanacağından yola salarkən yenə təkidlə:

– Axşam sizi gözləyəcəyəm, mütləq gələrsiz, siz gəlməsəniz, məclis başlamayacaq,– dedim.

Arada vaxt tapıb şəhər dəmiryolu vağzalındakı mərkəzi bazara çıxıb mer–meyvə, tərəvəz aldım. Sona xalanın sözləri yadıma düşdü. Bizimkilərin səs–küyü bazarı başına götürmüşdü. Ancaq yenə sağ olsunlar, qiymətdə mənə az da olsa güzəşt etdilər.

Məcllis axşam saatlarında  başladı. 18 nəfər yığılmışdı.Təkcə bədnam ermənilərdən başqa.Onlardan bizim mərtəbədə 2 nəfər yaşayırdı. Biri Suxumidən, o biri isə İrəvandan idi. Sona xala qızı Sveta ilə gəlmişdi. Bütün sifət cizgiləri, qaşı-gözü, qara saçları azərbaycanlı qızlarını xatırladırdı. Onları öz yanımda, məclisin başında əyləşdirdim. Məclisi özüm aparırdım. Əvvəlcədən restoranda sifariş verdiyim kababın iyi ətrafı bürümüşdü. “Azərbaycan mirvarisi” şampanı, “Sadıllı” şərabı, “Göy-göl” konyakı, şahmayı balığı və s. öz yerində idi.

Bütün söhbətlər Azərbaycan üzərində qurulmuşdu. Onun milli-mənəvi dəyərləri, qədim və zəngin tarixi,coxmillətli bir respublika, zəhmətsevər, qonağı hər şeydən əziz tutan bir xalq olması və əlbəttə ki, Mingəçevir haqqında. Məclisi Sona xalanın təqdimatı ilə başladım. Onun keşməkeşli həyat yoluna işıq salaraq, sonda qızı Svetanı da təqdim etdim. Hamı onları ayaq üstə salamladı. Sona xala mütəəssir  vəziyyətdə:

– Məni az təriflə, ay Bayram, – deyərək ayağa qalxdı və məclisə razılığını bildirərək, mənim Kareliya televiziyasındakı çıxışımın ona necə böyük təsir bağışladığından, ən böyük arzusunun Azərbaycana qovuşması, doğma yerləri ziyarət etməsi olduğundan danışdı və ilk sağlığı hər kəsin dünyaya göz açdığı torpağın şərəfinə qaldırmağı təklif etdi. Sonda bir bənd şeir də söylədi:

                            Люби тот край в котором ты родился,

                            Люби и знаy что он тебе родной

                            А если в жизни что-нибuдь случиться

                            Никогда не скажи, что он не твой…

Dedim:

– Sağ ol, ay Sona xala, səndə şairəlik də varmış.

– Sən tərpətdin məni, Bayram bala, bayaq dedin ey:

– “Век я твоy, в сыnьовя тебе даnь, Азербаyджаn, Азербаyджаn”

Növbə-növbə məclisdəkilərə söz verirdim. Hamı Azərbaycan qonaqpərvərliyindən, səmimiyyətindən danışır, mütləq buraya gələcəklərini, Mingəçevir səyahətlər bürosu ilə əməkdaşlıq edəcəklərini bildirirdilər. Qeyd etdiyim kimi, özümlə Rəşidin, Müslümün, Poladın, “Qaya” vokal qrupunun mahnılarından və klarnet ustası Əşrəfin oyun havalarından ibarət qrammafon vallarını, Nizaminin, S.Vurğunun R.Rzanın, M.Dilbazinin, B.Vahabzadənin rus dilinə tərcümə olunmuş kitablarını da götürmüşdüm. Fasilələrdə bizim mahnılar səslənir və rəqs edirdik.Məqam düşdükcə özüm də arabir cavanlığıma salıb bizim estrada mahnıları ilə məclisi şənləndirirdim. Sona xala özünə yer tapa bilmirdi: – -Oy sənin qadanı alım, ay Bayram, vallah sən “patriotsan” – deyib məni hey tərifləyirdi. Məclisə sonda Şəki paxlavası, kəkotulu çay, mürəbbələr verildi və şairlərimizin kitabları paylandı. Qonaqlar məmnunluqlarını gizlədə bilmirdilər.

Üç saata yaxın davam edən bu şən məclis füsunkar Oneqa gölünün sahilində gəzinti ilə başa çatdı.

Sona xala öz növbəsində məni israrla evinə dəvət etdi:

– Gedək bir mənim də çayıma qonaq ol, gör necə yaşayıram.

– Sağ ol, Sona xala, olmuşkən varam. Qismət olsa, başqa vaxt gələrəm. Ancaq istədiyiniz vaxt Mingəçevirə gələ bilərsiniz. Sizi Vətənlə özüm tanış edəcəm. Doğma yerlərimizə aparacağam, təki siz gəlin.

– Sağ ol, Bayram bala, ürəyim narahatdır, təyyarəyə minə bilmirəm. Qatarla da ki, görək də. Səndən bir xahişim var. Dünən səninlə söhbətləşəndə də bu haqda deyə bilmədim. Sən gör öz millətimizdən Sveta üçün bir yaxşı oğlan tapa bilərsənmi? Fikir verdin də məclisdə özünü necə ağayana, xanım-xatın aparırdı. Mənim verdiyim tərbiyədir, başqa cür ola bilməz. Nəsil-kök özünü görürsən də necə göstərir. Nə olsun atası başqa millətdən olub?! Buranın qızları kimi yox ey! Onlar yaxşı bilirlər ki, həyatda onlardan başqa mənim heç kimim yoxdur. Ona görə də mən çəkəni qızlarım çəkməməlidir, əsas da Sveta. Bu il orta məktəbi bitirəcək, çox yaxşı oxuyur, həkim olmaq istəyir. Onun işi kitablardır, bir də musiqi. Ev işlərini də o görür, ondan çox razıyam. Çox sağ ol, bayaq məclisdə ona verdiyin musiqi valları və kitablara görə. Çox dəyərli hədiyyələrdir. Bu gün qurduğun məclis mənim ömrümə yazıldı.Elə Svetanın da. O da gördü biz necə zəngin millətik. Bayaq orada müxtəlif millətlər çıxış etdi, ancaq heç birinin çıxışında səndə olan ürək yanğısı yox idi. Bu gürcülər hər yerdə mahir tost deyən kimi tanınırlar.Məclisdəki də “alaverdi” deyə-deyə çox əlləşdi, amma sənin qadan alım ey!. Hardan öyrənmisən bu qədər tostu, şeiri? Səsinə də ki söz ola bilməz, onu daim qoru. Mənim də yaxşı səsim olub.Qalalıyam axı. Müharibə hamısını yedi, sağlamlığımı da, səsimi də… Hə, nə demək istəyirdim, mənim hazırda bütün fikrim-zikrim Svetadadır. İstəyirəm öz millətimizin yaxşı bir oğluna qismət olsun. Mənim arzumu ürəyimdə qoyma.Heyfim gəlir bu qıza, bir bax gör başqa millətə oxşayır? Mən bilirəm bu çətin məsələdir, ancaq sən bir bax da. Qeyrətli oğul olsun ey, məni heç olmasa Vətənimdə torpağa tapşıra bilsin!

Mən bilmirdim Sona xalaya nə cavab verim ki, onun üçün xoş olsun. Odur ki, zarafatla:

– Ay Sona xala, adaxlını taparam, Sveta bəyənməz ha, biabır olarıq.

Bütün görüşümüz boyu Sona xala ilk dəfə idi ki, ürəkdən gülərək:

– Bayram, oğlum, heç vaxt sən seçdiyin adaxlı pis olmaz.Mən bilirəm, kimə nə tapşırıram.

Beləcə heç özümüz də hiss etmədən xeyli piyada yol gəlmişdik. Sona xala evlərini göstərərək:

-Sən bizə çox hörmət etdin, diqqət göstərdin. Allah səndən razı olsun..

– Çox sağ olun, Sona xala!Sabah tezdən gəmi ilə Kijiyə gedəsiyik. Birisi gün isə Oneqa sahilində yarmarkadır. Gəlsəniz çox məmnun olaram.Həmin yarmarkada iştirak edib,mənə dəstək olarsınız.Çox maraqlı olacaq,çalışın gəlin.

-Mütləq gələcəyik.İndi isə bizim ünvanı, telefonu götür, bir də gəlsən mütləq zəng et. Qaldı ki, adaxlı məsələsinə özüm də yaxşı bilirəm ki, bu baş tutan iş deyil. Məni yaxşı başa düş, bu suda boğulanın saman çöpündən yapışması kimi bir şeydir. Sən nə edə, kimə deyə bilərsən ki, Petrozavodska bir yaxşı qız var, get ona evlən. Deməzlərmi özün niyə evlənmirsən, subay oğlansan. Yenə evli olsaydın deyə bilərdin. Odur ki, yaxşı bilirəm ki, bu baş tutan sevda deyil. Sənin yol boyu susmağın da buna işarə idi. Odur ki, Bayram, oğlum, elə bil sənə heç nə deməmişəm. Amma sənə nə demişəmsə, səmimi demişəm və yenə təkrar edirəm ki, ən böyük arzum Svetanın öz millətimlə ailə qurmasıdır. Bir də ki, mən istəməklə deyil ki, hərənin öz qisməti var.

Mən:

– Ay Sona xala, belə naümid danışmayın, hər şey yaxşı olacaq-dedim və  Səyahətlər bürosunun ünvanını iş, ev telefon nömrələrimi onlara verərək:

– Sona xala, şəhərinizin Səyahətlər bürosu ilə ikitərəfli müqavilə imzalamışıq. Sizə Mingəçevirə gəlmək üçün heç bir problem yoxdur. Heç turist vərəqəsi də lazım deyil, özüm hər cür şərait yaradacağam. Sadəcə gəlmək istəsəniz, sizin turist qrupları gələn tarixə bilet alın ki, daha rahat olsun. Bir Mingəçevirlə yox, Şəki, Gəncə, Göy-göl, Şuşa, Zaqatala, Qəbələ, Lahıc və Bakı ilə yaxından tanış olacaqsınınz. Təki siz gəlin.

– Çox sağ ol, oğlum, görək də, qismətimizdə varsa gələcəyik.

Mən növbəti gün axşam qatarla Leninqrada yola düşürəm, onun sabahı gün isə təyyarə ilə Bakıya uçuram.

Sona xala dərindən köks ötürüb:

– Kaş yerinə mən olaydım!Vətəndən ayrı düşənlər üçün bir parça doğma torpağın nə olduğunu Vətənsizlər daha yaxşı bilir, ay oğul. Bu qərib eldən-bizlərdən salam söylə Azərbaycana.

Sonra Sona xala məni qucaqlayıb öpdü və daha heç nə demədi. Mən də onların hər ikisi ilə vidalaşaraq, mütləq sizin salamınızı Vətənə çatdıracağam – deyib onlardan ayrıldım.

Sona xala söz verdiyi kimi qız Sveta ilə birgə yarmarkaya gəldi.Özümlə gətirdiyim Şəki kəlağayısını Sona xala Svetanın başına bağladı.Mən də öz növbəmdə ondan yarmarkaya gələnlərə armudu stəkanlarda mürəbbə və şirniyyatlarla çay verməsini,  azərbaycansayağı xidmət göstərməsini xahiş etdim.Sona xala məmnunluqla:

-Narahat olma,Bayram,oğlum, mən də kömək edəcəyəm-dedi.

Təvazökarlıqdan uzaq olsa da,deyim ki, Sona xalagilin də yaxından köməkliyi ilə təşkil etdiyimiz Azərbyacan güşəsi hər bir baxımdan digərlərindən seçilirdi.  Oneqa gözlünün sahilini Rəşidin, Müslümün, Poladın və s .mahnıları və mənim meqafonda söylədyim “Azərbyacyan “ şeirinin sədaları bürümüş, bizim guşənin ətrafına xeyli insan toplaşmışdı.Onlar üçün burada Azərbaycanla bağlı görüdükləri və eşitdikləri hər şey maraq doğururdu. Bütün bunlar Sona xalanı elə bil xeyli cavanlaşdırmışdı.Ana-bala əsl Azərbaycan qonaqpərvərliyi nümayiş etdirdilər…

Çox uğurla keçən yarmarkanın sonunda mən Sona xala və Svetaya xitabən:

-Çox sağ olun! Mən sizin dəstəyinizi qəlbən hiss etdim. Baxmayaraq ki, yarmarkada bu sahədə kifayət qədər təcrübəyə malik paytaxtlardan,digər böyük şəhərlərdən gəlmiş nümayəndələr iştirak edirdilər,bilavasitə sizin belə ürəkdən yanaşmanız bizim uğurumuzla nəticələndi.Sveta,odur ki,sənə çox yaraşan bu kəlağayını bir mükafat və xatirə olaraq sənə hədiyyə edirəm.Sona xalanın yenə gözləri dolmuşdu…

O dövrdə Petrozavodsk-Moskva, Petrozavodsk-Leninqrad, Petrozavodsk-Leninqrad-Narva şəhərlərinə təşkil edilən avia-marşrutlar Mingəçevirdə və xidmət etdiyimiz ətraf rayon və şəhərlərdə çox populyar turist səfərlərinə çevrilmişdi. Petrozavodsk Səyahətlər bürosu ilə işgüzar əlaqələr yaranmışdı. Mingəçevirə keçmiş ittifaqın bir çox şəhərləri ilə yanaşı, oradan da istirahətə və səyahətə gəlir,ölkəmizlə yaxından tanış olurdular.

…İllər bir-birini əvəz etsə də, bu görüş mənim hafizəmdə dərin iz buraxmışdı. Hər 8 mart, Novruz bayramı, 9 May Qələbə günü və Yeni ildə Sona xalagili təbrik edirdim, onlar da həmçinin…Hər dəfə də onlara kiçik də olsa sovqat göndərirdim. Ancaq özləri nədənsə gəlmədilər ki,gəlmədilər…

Vaxt, zaman öz sözünün deyir. Və yaxşı bilirəm ki,Sona xala bəlkə də artıq həyatda yoxdur.Sveta çoxdan ailə qurmuş olar.Ölüm haqdır deyiblər.Hamımız bu gəlimli,gedimli dünyanın kirayəşinləriyik.Amma bir təsəllimiz var ki, nə vaxtsa məhz Ana torpaq bizi öz qoynuna alacaqdır. Bunu layiqincə dəyərləndirmək, hiss etmək üçün istəməzdim ki, kimsə Sona xalanın Torpaq, Vətən nisgilini yaşasın. Sadəcə hamımız dərk etməliyik ki,Vətəni gözəl olduğuna görə yox,Vətən olduğuna görə sevmək lazımdır. Yalnız sözdə yox, Müstəqil Azərbaycan adlı bu məmləkətin əsl Vətən Daşı olmaqla gündəlik işimiz, əməlimiz və sonsuz məhəbbətimizlə …

Söz ardı: Ötən 42 il ərazində bu xatiratımın müxtəlif başlıqlar(“Əzizim Vətən yaxşı”, “Vətən nisgilli tale” və “Müharibə acısı”) adı altında dərc edilməsində dəstəyi və əməyi olan “Mingəçevir işıqları” qəzetinin baş redaktoru,Əməkdar jurnalist Fərman Nəbiyevə və “Azad Azərbaycan”qəzetinin baş redktoruna öz dərin təşəkkürümü bildirirəm.

Bayram Mustafa

İdman, Turizm və Dövlət qulluğunun veteranı

Mingəçevir-Bakı-Leninqrad-Petrozavodsk-Leninqrad-Bakı-Mingəçevir,1978   

Əvvəli bu linkdə: http://theazerbaijantimes.az/2020/05/13/q%c9%99riblikd%c9%99n-boylanan-v%c9%99t%c9%99n-nisgilli-taleii-hiss%c9%99/

 

Mənbə:kanal32.az